Brüsseldə Aİ-Gürcüstan Assosiasiya Şurasının martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək məsələlərdən biri də Qara Dəniz Nəqliyyat Dəhlizinin gücləndirilməsidir.
ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, bu sözləri Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Qara dənizdə ticari-iqtisadi əlaqələrin intensivləşməsinə dair ayrıca format yaradılacaq: “Biz Qara dənizdə nəqliyyat dəhlizlərinin gücləndirilməsi üçün mühüm işlər görməyi nəzərdə tuturuq. Biz görürük ki, nəqliyyat, logistika baxımından müəyyən qüsurlar var. Bu da Avropa İttifaqı ilə ticarət əlaqələrini genişləndirməkdə bizə mane olur”.
Qeyd edək ki, martın 4-də Buxarestə Gürcüstan, Azərbaycan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin iştirakı ilə “Xəzər dənizi-Qara dəniz” nəqliyyat dəhlizinin yaradılmasına dair ilk iclas keçiriləcək.
Baş nazir onu da bildirib ki, şuranın iclasında Gürcüstan torpaqlarının işğalı məsələsinə də toxunulacaq.