Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab məqaləsi ilə çıxış edib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan APA-ya verilən xəbərə görə, məqalə fevralın 11-də ABŞ-ın “Medium” portalında dərc olunub.
“Konqres üzvləri Azərbaycan-Ermənistan münaqişəsini deyil, sülhü təşviq etməlidirlər” başlıqlı məqalədə baş konsul N. Ağayev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq, işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqda geniş məlumat verib.
Ermənistanın son illərdə təxribatçı əməlləri barədə danışan baş konsul, ötən ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı qəfil hücuma keçdiyini bildirərək, 44 günlük müharibənin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və suveren sərhədlərini bərpa etdiyini qeyd edib.
Müharibə zamanı döyüş meydanında uduzan Ermənistanın uşaqlar da daxil olmaqla mülki Azərbaycan vətəndaşlarını hədəfə alaraq vəhşi hərbi cinayətlər törətdiyini qeyd edən baş konsul “Human Rights Watch” və “Amnesty International” kimi beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq konkret faktları diqqətə çatdırır. Həmçinin, Ermənistanın Yaxın Şərqdən olan terrorçuları və Avropadan olan islamofob faşist qüvvələri Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etdiyini vurğulayıb.
Bütün bunların fonunda, baş konsul N. Ağayev sözügedən ABŞ konqresmenlərinin bütün bu illər ərzində Ermənistanın işğalçılığını, törətdiyi ağır cinayətləri, Xocalı soyqırımını, Qarabağdakı Azərbaycan mədəni irsini məhv etməsini, məscidləri donuzxanaya çevirməsini nə üçün bir dəfə də olsun pisləmədiklərini sual edib. Həmçinin, bu Konqres üzvlərinin işğal altında olan azərbaycanlıların evlərinin dağıdılmasını, kənd və şəhərlərimizin tamamilə yer üzündən silinməsini, bütün ərazilərin minalanmasını və hazırda Ermənistanın mina xəritələrini Azərbaycanla paylaşmaqdan imtina etməsini nəyə görə susqunluqla qarşıladıqlarını soruşub.
Azərbaycanla ABŞ-ın sıx tərəfdaşlıq münasibətlərinin olduğunu və hər iki ölkənin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini qeyd edən diplomat ABŞ milli maraqlarını deyil, yalnız öz etnik maraqlarını güdən, öz maksimalist milliyyətçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına daim mane olmağa çalışan radikal erməni lobbisinin ABŞ xarici siyasətinə təsir göstərmək cəhdlərinin qətiyyətlə rədd edilməsinin zəruriliyini bildirib.
Sonda N. Ağayev hazırda Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üzərində işin aparıldığını və bunun davamlı sülh üçün vacib olduğunu qeyd edərək bildirib ki, bütün bunların fonunda Konqres üzvləri münaqişəni uzatmaqla deyil, əldə olunmuş sülhü gücləndirməklə məşğul olmalıdırlar.