Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
ONA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb:
"Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəbdəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq.
Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişlər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olmuşdur.
Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplimatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.
AR XİN-i xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir.
Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq".