“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və digər yollarla ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında YAP icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
S. Novruzov Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan sazişlə bağlı yersiz fikirlər səsləndirildiyini bildirib: “Xaricdə və daxildə müəyyən qüvvələr bağlanacaq sazişlə bağlı xalqı çaşdırmağa çalışır. Azərbaycanda aparılan islahatlar həm daxildə, həm də xaricdə müəyyən qüvvələri narahat edir, müxtəlif ittihamlar irəli sürürlər. Hətta öz aralarında dava salıb, hökumətin üzərinə atmağa çalışırlar”.
Spiker Oqtay Əsədov isə Avropa İttifaqı ilə sazişin Azərbaycan üçün vacib olduğunu bildirib: “Bizim üçün ən vacib məsələ sazişdə Azərbaycanın ərazi bütövlüyünün əksini tapmasıdır və bu, sənəddə əksini tapıb. Bu sazişin imzalanmasına ən çox mane olmağa çalışan Ermənistandır. Sazişdə bizim üçün vacib olan Dağlıq Qarabağ məsələsi və ticarət məsələsidir. İnşallah, saziş mayın 13-də imzalanacaq”.