• SİYASƏT

    02:02 19 mart 2021

Azərbaycanla Gürcüstan arasında birbaşa aviareyslər bərpa edilib

Bu gündən Azərbaycanla Gürcüstan arasında birbaşa uçuşlar bərpa edilir.

APA-nın xəbərinə görə, bu gündən etibarən Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstan paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

Uçuş cədvəlinə əsasən, pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviadaşıyıcının ilk uçuşu bu gün yerinə yetiriləcək. Qeyd olunan marşrut üzrə uçuşların həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçirilməsi planlaşdırılıb.

Şirkət Azərbaycandakı epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.

“Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq. Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Səid

Teqlər:

SON XƏBƏRLƏR