Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov İranın Bəndər-Abbas limanında İran HDQ-nin birinci bölgə üzrə komandanı 2-ci dərəcəli kapitan Müctəba Məhəmmədi ilə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə İranın dəniz sərhədlərinin böyük olduğunu diqqətə çatdıran M. Məhəmmədi bildirib ki, dəniz ticarətinin təhlükəsizliyini təmin etmək üçün ölkəsinin güclü hərbi dəniz qüvvələrinə ehtiyacı var.
“Fars körfəzində, Xəzər və Oman dənizlərində ticarət donanmasının təhlükəsizliyini təmin etmək İran Hərbi Dəniz Qüvvələrinin öhdəsindədir”, - deyə M. Məhəmmədi vurğulayıb.
Z. Hümmətov Azərbaycan HDQ-nin İranla hərbi məhsulların istehsalı və təmiri sahəsində təcrübə mübadiləsi aparmağa hazır olduğunu deyib.
O qeyd edib ki, Xəzər dənizində iki ölkənin dənizçiləri arasında konstruktiv və yaxşı münasibətlər var.
“Yaxın gələcəkdə iki ölkənin dənizçilərinin birgə təlimi ilə bağlı daha çox əməkdaşlıq ediləcək”, - deyə Z. Hümmətov bildirib.