• SİYASƏT

    11:21 24 may 2019

Bahar Muradova: “İrəvanın Ermənistana paytaxt kimi verilməsi barədə qərarın acısını bu gün də hiss edirik”

“Parlament üsul-idarəsi kifayət qədər demokratik idarəetmə formasıdır. Xalq Cümhuriyyətinin qurucuları Zaqafqaziya Seymi dağılandan sonra Milli Şuranı formalaşdırıb”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

B. Muradova deyib ki, Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb: “Ermənistan həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış edib. Milli Şuranın İrəvanın Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik. Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük, müsbət rol oynayıb. Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini qəbul etmək, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakını işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.

Vitse-spiker nəzərə çatdırıb ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi: “Parlament seçkiləri keçirmək mümkün olmasa da, Milli Şura genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamenti ilk işinə başladı. Bir neçə dəfə hökumət formalaşdırılmasına baxmayaraq, parlament Azərbaycan dövlətçiliyi üçün bir çox mühüm qərarlar qəbul etdi. Həmin dövr Azərbaycan parlamentinin qızıl dövrü idi”.

B. Muradova qeyd edib ki, Birinci Dünya Müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı: “Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi mühacirətə getdi”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR