VII Qlobal Bakı Forumu çərçivəsində “Qərbi Balkan ölkələri – Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının Şurasına sədrliyi” mövzusunda panel keçirilib.
ONA-nın xəbərinə görə, panelin moderatoru Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Zlatko Lagumdziya Qərbi Balkan yarımadası ölkələrinin Avropa İttifaqına (Aİ) inteqrasiyasının vacibliyini vurğulayıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, bu gün ölkəsinin xarici siyasətində 2 əsas prioritet məsələ yer alıb: “Bunlardan biri Avropa İttifaqına, digəri isə NATO-ya üzvlükdür. Mən tam əminəm ki, biz Bosniya və Herseqovina olaraq, mövcud çətinliklərə baxmayaraq, NATO-ya üzv ola biləcəyik. Xatırladım ki, 1995-ci ildə imzalanan “Dayton” sülh sazişi ilə ölkəmizdə müharibə başa çatıb. Müharibə zamanı Bosniya və Herseqovinada bir çox cinayət, etnik təmizləmə həyata keçirilib. “Dayton” sülh sazişi sülhün bərqərar olmasına kömək etməklə bərabər, Bosniya və Herseqovinanın beynəlxalq təşkilatlara inteqrasiyasına töhfə verdi. “Dayton” sülh müqaviləsi bizdən Avropanın standartlarına uyğunlaşmağı tələb edir. Avropa İttifaqının tələbləri irəli sürülüb, görüləcək işlər çoxdur. Biz öz üzərimizdə düşən öhdəlikləri icra edirik”.
Ş. Caferoviç qeyd edib ki, NATO regionda sülhün təminatçısıdır: “Düşünürəm ki, yaxın vaxtlarda Bosniya və Herseqovina NATO-nun üzvlüyünə tam hazır olacaq. Hesab edirəm ki, Bosniya və Herseqovinanın Avropa İttifaqına və NATO-ya üzvlüyü nəinki bizim ölkəyə, ümumilikdə bütün regiona müsbət fayda verəcək”.