Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev - Azərbaycan gənclərinin ilham mənbəyi" adlı tədbir keçirilib.
ONA xəbər verir ki, tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, təhsil nazirinin müavini Firudin Qurbanov, deputat Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
İlk olaraq tədbir iştirakçıları və qonaqlar Heydər Əliyevin Bakı Gənclər Mərkəzinin foyesində büstünün önünə gül dəstələri qoyub, ulu öndərin xatirə muzeyi ilə tanış olublar. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yüzlərlə gəncin iştirakı ilə keçirilmiş Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş fləşmob haqda qısa videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, ulu öndər Heydər Əliyev millətin taleyi üçün böyük əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini, xüsusilə gənclər siyasətini həmişə diqqətdə saxlayıb. Onun ölkəyə rəhbərliyinin hər iki dövründə Azərbaycanın taleyi ilə bağlı bütün sahələr dövlət səviyyəsində layiqli dəyərini alıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan, ümummilli liderin Azərbaycan gəncləri üçün gördüyü işlərdən danışıb.
Sonda çıxış edən xalq artisti, “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Daha sonra V.Mustafayevin ümummilli liderə həsr olunmuş "Əsl məhəbbət haqqında" sənədli film nümayiş olunub.