• SİYASƏT

    12:04 12 iyun 2019

Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub

Bu gün Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə yaxın əməkdaşlıq çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı" və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransı keçirilir.

APA-nın məlumatına görə, tədbirdə ATƏT PA-nın prezidenti Georgi Tsereteli və vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç, Almaniya, Türkiyə və Azərbaycanın deputatları, səfirləri və media nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin 3 ölkənin parlamentarlarından ibarət Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaqdır.

Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması çərçivəsində Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransının hər ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılır.

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

B. Muradova deyib ki, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqları və dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrdir: "Hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölgələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə daha böyük töhfələr verə bilər. Zərərçəkən ölkələrin ərazi bütövlüyünə qarşı təhdidlərə qarşı parlamentlərin mövqeyinin ortaya qoyulması baxımından vacibdir. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir".

Vitse-spiker nəzərə çatdırıb ki, təsis edilən Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir: "Regional və qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq. Platformanın Katibliyi Bakıda yerləşəcək".

ONA

Teqlər:

SON XƏBƏRLƏR