Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.
ONA.az-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirilib. Azərbaycan prezidenti İlham Əliyev toplantıda nitq söyləyib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov budəfəki toplantıda da mühüm məsələlərin müzakirə olunacağını deyərək sözü Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerə verib.
Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger çıxış edərək bildirib ki, Avropa İttifaqı strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsinin yaxın zamanlarda tamamlanması üçün üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyini xeyli gücləndirəcəyini deyən Günter Ottinger Prezident İlham Əliyevə bu toplantılara dəstək verdiyinə görə təşəkkür edib və Məşvərət Şurasının iclaslarının layihənin reallaşmasında mühüm rol oynadığını bildirib. “Bu gün Azərbaycan güclü artım tempinə malik ölkədir və iqtisadi çağırışlarını inamla həll edir”, - deyən Avropa İttifaqının rəsmisi əlverişli geosiyasi mövqeyə malik Azərbaycanın enerjini hasil və ixrac edən mühüm ölkə olduğunu və Avropa İttifaqının Azərbaycanın zəngin enerji təcrübəsindən faydalandığını vurğulayıb. “Avropa İttifaqı üçün Azərbaycan Mərkəzi Asiya və Çinə çıxış yoludur”, - deyən komissar Azərbaycanın enerji şaxələndirilməsi planlarına da Avropa İttifaqının öz dəstəyini ifadə etdiyini bildirib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.
Sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, TANAP-ın baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati çıxış ediblər.
Sonra Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və “Şahdəniz-2” layihəsinə həsr olunan videoçarx nümayiş olunub.
Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edilib.