Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə təşkilatçılığı ilə "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması" layihəsi çərçivəsində BMT modeli konfransının (MilliMUN) açılış mərasimi keçirilib.
ONA-nın xəbərinə görə, konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanın bir çox ali təhsil ocaqlarında BMT model klubları formalaşdırılıb, regionlarda konfrans və düşərgələr təşkil olunur.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, nazirliyin dəstəyi ilə indiyə kimi 30 azərbaycanlı gənc Roma, Vyana, İstanbul, Astana şəhərlərində keçirilən beynəlxalq BMT modeli konfranslarında iştirak edib. O əlavə edib ki, BMT modelini dəstəkləmək "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib.
Nazir qeyd edib ki, artıq 3-cü dəfə keçirilən BMT modeli konfransı Azərbaycanda gələcəkdə gənc siyasətçilərin yetişməsində böyük rol oynayacaq.
BMT İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsi Alessandro Frakasetti bildirib ki, gənclər beynəlxalq əməkdaşlığın inkişafına öz töhfələrini verməlidir.
Prezident Administrasiyasının gənclər siyasəti və idman idarəsinin sektor müdiri İrfan Davudov deyib ki, gənclər siyasəti Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. İ. Davudov gəncləri yaradılan imkanlardan maksimum istifadə etməyə çağırıb.
250 gəncin iştirak etdiyi konfransda qadınlar və kişilər arasında bərabər ödəniş, rəqəmsal vətəndaşlığa keçidin perspektivləri, tekstil sənayesinin ətraf mühitə təsiri mövzuları müzakirə edilir.
Konfrans aprelin 8-dək davam edəcək.