Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilir.
ONA-nın xəbərinə görə, Azərbaycan Dövlət Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev bildirib ki, mayın 21-dən İşçi qrupların iclasları başlayıb.
Onun sözlərinə görə, iclaslarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, analitik informasiya və internet məkanında hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunur.
Ə. Abdullayev qeyd edib ki, bu, MDB iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin ölkəmizdə keçirilən sayca 4-cü iclasıdır: "Bu gün ölkənin gömrük sahəsində islahatlar həyata keçirilir. Azərbaycan Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı fəal mübarizə aparır, qanunsuz halların qarşısı alınır".