Bakıda Polşanın milli bayramı - Konstitusiya günü qeyd olunub.
ONA-nın xəbərinə görə mayın 3-də Polşa Respublikasının Azərbaycandakı səfirliyi bu münasibətlə rəsmi qəbul təşkil edib.
Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirdə çıxış edən Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka bildirib ki, 1791-ci il 3 may tarixli Polşa Konstitusiyası Avropada ilk və dünyada ikinci Əsas Qanun hesab olunur.
Səfir ölkəsinin inkişafından danışıb, Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.
Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov Polşa xalqını milli bayramı münasibətilə təbrik edib, sülh, xoşbəxtlik və firavanlıq diləyib.
Nazir müavini bildirib ki, Polşa Azərbaycan üçün yaxın dost dövlətdir. İki ölkə arasında 27 illik diplomatik əlaqələr olsa da, onlar arasında qədim dostluq və əməkdalışq ənənələri movcuddur.
Polşalıların 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin mədəni, siyasi, həyatında iştirak etdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, polyak memarlarının Bakıda tikdiyi binalar bu gün də qalır.
Azərbaycanlı diplomat ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ konfliktinin həllini dəstəklyən Polşa hökumətinə təşəkkürünü bildirib.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra tanınmış polşalı pianist Yeva Pobloçkanın iştirakı ilə konsert proqramı baş tutub.