• SİYASƏT

    15:34 28 mart 2019

"Diqlas" ticarət mərkəzində yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

ONA xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki, martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş verib. Xoşbəxtlikdən insan itkisi olmayıb.

"Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəymişdir. Yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcək və əminəm ki, tam araşdırılacaq. Eyni zamanda, biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik", - Prezident qeyd edib.

Dövlət başçısı deyib ki, dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib. Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcək: "Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır.

Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilib. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir: "Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik.

Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki qaldı ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir".

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ediblər.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev deyib: "Bir daha demək istəyirəm ki, ilk növbədə, yanğının səbəbləri tam araşdırılmalıdır. İlkin versiyalar var. Kamera müşahidəsi də deməyə əsas verir ki, yanğın haradan başlayıb. Bunu nəzərə alaraq yekun rəy əlbəttə ki, təqdim olunacaq. Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdır. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir.

Sahibkarlara gəldikdə, bir daha demək istəyirəm ki, dövlət onların yanında olacaq. Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda, burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar.

Beləliklə, hesab edirəm, görülmüş və görüləcək tədbirlər nəticəsində sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bildiyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaq.

Qeyd etdiyim kimi, komissiya tezliklə fəaliyyətə başlamalıdır, bütün bu məsələləri araşdırmalıdır və yekun rəy təqdim etməlidir".

***

13.18

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

ONA xəbər verir ki, Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

“Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, - deyən Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ediblər.

Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR