Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan qadınlarını 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.
Baronessa Nikolsonun ONA-nın London bürosuna göndərdiyi təbrik məktubunda 1918-ci ildə yeni qurulan Cümhuriyyətin qadınlara seçki hüququ verməsinin diqqətəlayiq bir nailiyyət olduğu vurğulanıb. O, Azərbaycanda gender bərabərliyinin o zamandan bəri inkişaf etməkdə olduğunu, hər il Milli Məclisə daha çox qadın deputatın seçildiyini, qadın sahibkarların, elmi sahədə çalışan qadınların sayının artdığını bildirib.
E.Nikolson hər il daha çox azərbaycanlı qadının Britaniya hökumətinin təqaüd programı olan Chevening təqaüdünü qazandığını bildirib: “Sonuncu Chevening təqaüdünü qazanan 9 nəfərdən 6-sı qadındır. Onların Böyük Britaniyada qazandığı təcrübə və bilik Azərbaycandakı gənc nəsilə ilham qaynağı olacaq”.
E. Nikolson təbrikdə Azərbaycana sonuncu səfəri haqqında da məlumat verib. Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündə müxtəlif, həmçinin qadınların gücləndirilməsi üçün atıla biləcək addımlarla bağlı məsələlərin danışıldığını bildirib. O, Azərbaycan Kənd Qadınları Assosiasiyasının (AKQA) yaradılmasından və onların qadınlar üçün gördüyü işlər haqqında eşitməkdən məmnun olduğunu deyib.
Baronessa həmçinin azərbaycanlıları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.