Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gələn Fransa Respublikasının Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Mari-Seqolen Ruayal ilə görüşü olub.
ONA xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Mari-Seqolen Ruayalın ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edib. Birinci vitse-prezident Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə əlaqələrin inkişaf etdiyini məmnunluqla qeyd edib, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Mehriban Əliyeva ötən il Prezident İlham Əliyevin, bu il isə özünün Fransaya səfərinin, aparılan danışıqların, imzalanan sənədlərin siyasi əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.
İqtisadi sahədə də əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Birinci vitse-prezident bu istiqamətdə yaxşı potensialın mövcudluğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazda Fransanın ən böyük ticarət tərəfdaşıdır və ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika var. “Xoş haldır ki, ənənəvi tərəfdaşlıq sahəsi olan enerji əməkdaşlığı ilə yanaşı, qeyri-neft sektorunda da əməkdaşlıq genişlənir”, - deyən Birinci vitse-prezident bir sıra Fransa şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətini qeyd etdi, yüksək texnologiyalar, nəqliyyat, şərabçılıq kimi sahələrdə əlaqələrin möhkəmləndiyini bildirib.
Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Mehriban Əliyeva paytaxtımızda Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə təməli qoyulan Bakı Fransız Liseyinin və hər 2 ölkənin dövlət başçılarının təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiklərini qeyd etdi, humanitar sahənin ölkələrimizin və xalqlarımızın bir araya gətirilməsində böyük rol oynadığını vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyeva son vaxtlar bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanın və Fransanın şəhərləri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanmasını ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaratdığını deyib.
Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri Mari-Seqolen Ruayal Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməyin onun üçün şərəf olduğunu bildirib. Qonaq Mehriban Əliyevanın bu yaxınlarda Parisə səfərini xatırlayaraq, bu səfəri yüksək dəyərləndirib. Görüşdən əvvəl Bakıdakı Azərbaycan-Fransız Universitetinə getdiyini qeyd edən Mari-Seqolen Ruayal belə layihələrin 2 ölkə arasında qurulan əməkdaşlığı təcəssüm etdirdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.