Bizim Azərbaycanla dayanıqlı inkişaf məqsədləri istiqamətində səmərəli əməkdaşlığımız davam edəcək.
APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransda deyib.
O bildirib ki, bu platforma Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasının sürətləndirilməsinə təkan verəcək: “İlk dialoq Azərbaycanda yaşıl transformasiyaya həsr olunub ki, bu da hazırkı zamanda müzakirəsi vacib mövzudur. Bu gün qlobal cəmiyyət iqlim dəyişikliyi və onun ağır nəticələri ilə üzləşir”.
BMT nümayəndəsi bir neçə gün sonra Misirdə COP27 konfransının keçiriləcəyini və bu mövzunun müzakirə olunacağını xatırladıb.
Vladanka Andreeva Azərbaycanın təmiz ətraf mühit və yaşıl inkişafı prioritet elan etdiyini və bunun yüksək qiymətləndirildiyini vurğulayıb: “Azərbaycan ötən il COP26-nın konfransında emissiyaların azaldılması istiqamətində öhdəliklər götürüb. Azərbaycan 2050-ci ilə qədər emissiyaların və zərərli qazların 40 faizədək azaldılması niyyətini açıqlayıb. Azərbaycan hökuməti Qarabağda azad olunmuş ərazilərdə “yaşıl zona”nın yaradılması istiqamətində işləri davam etdirir. Vətəndaş cəmiyyətinin, akademik çevrənin, hökumətin fəal fəaliyyəti dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesində rol oynayacaq”.
BMT nümayəndəsi deyib ki, konfransdan sonra hesabat hazırlanacaq ki, burada Azərbaycan hökuməti üçün müəyyən tövsiyələr olacaq: “Mən əminəm ki, bu sahədə biz səmərəli əməkdaşlığımızı davam etdirəcəyik”.