"Böyük və ciddi problemə çevrilən "Brexit"in arxasında külli miqdarda maliyyə dayanır. Heç kim bundan müsbət heç nə əldə etməyəcək. Bu prosesin arxasında duran gizli məqamları aşkar etməliyik".
ONA-nın məlumatına görə, bunu bu gün “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumunda Bolqarıstan baş naziri Boyko Borisov deyib.
Bolqarıstan baş naziri qeyd edib ki, bu məsələlərin aradan qaldırılması cəmiyyətin sosial cəhətdən müdafiəsi deməkdir: "Silahlara xərclənən maliyyəni sosial məsələlərə səfərbər edə bilərik. Bəşəriyyət borcların ödənilməsi məsələsində yeni üsul tapmayıb. Bolqarıstan bu gün təhlükəsizlik şəraitində yaşayır, qonşularla gözəl münasibətlər var. Qonşu ölkələrlə hörmət, sülh şəraitində yaşayırıq".
Azərbaycanla Bolqarıstan arasında da gözəl münasibətlərin olduğunu deyən baş nazir əlavə edib ki, bu münasibətlərin əsasını Prezident İlham Əliyev qoyub: "Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüslərini də qiymətləndirməliyik. Çünki bizdə olan kilsələrin təmiri məsələsinə diqqət göstərilir. Qonşu ölkələrlə müştərək planlarımız var. Bugünkü foruma görə, Azərbaycan prezidentinə təşəkkür edirəm. Düşünürəm ki, biz gələcəkdə də bərabər şəkildə belə forumlarda iştirak edəcəyik".