Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyəti hər zaman müəyyən şübhələr və suallar doğurub.
APA xəbər verir ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı da bu təşkilatın fəaliyyəti ətrafında kifayət qədər müəmmalar dolaşırdı. Xüsusən azərbaycanlı əsir və girovlarla bağlı BQXK-nin sərgilədiyi mövqe həmin insanların taleyinin faciəli sonluqla bitməsində az rol oynamayıb. Keçmiş Qarabağ münaqişəsində əsir və girov götürülmüş 4 minə qədər azərbaycanlının aqibəti Ermənistanla yanaşı, məhz BQXK-nin yarıtmaz, məsuliyyətsiz, qeyri-şəffaf fəaliyyəti nəticəsində bu günə qədər də məlum deyil.
Bununla yanaşı, BQXK bütün bu müddət ərzində Azərbaycanın hökuməti ilə hesablaşmayan, onun suverenliyini pozaraq Qarabağdakı separatçılarla gizli əməkdaşlıq edən təşkilatlardan biri olub.
Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2000-ci illərin əvvəllərində nəinki Azərbaycanla razılaşdırmadan, heç ona xəbər vermədən Xankəndidə Ofisin açılması ilə bağlı artıq tarixin zibilliyə atılmış qondarma rejimlə saziş imzalayıb. Azərbaycan tərəfinin təkidlərinə baxmayaraq, “konfidensiallıq” bəhanəsi altında sazişin mətnini heç vaxt Azərbaycanla bölüşməyib.
Bütün bu illər ərzində Xankəndi ofisi Bakı Ofisinə yox, İrəvan və Cenevrə ofislərinə tabe olub. Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, “Biz müstəqil, qərəzsiz, bitərəf təşkilatıq” düşüncəsi ilə hərəkət edən özündən müştəbeh BQXK Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırıb. Əslində, BQXK heç vaxt müstəqil təşkilat ola bilməz. BQXK heç beynəlxalq təşkilat da deyil, BQXK İsveçrənin qeyri-hökumət təşkilatıdır.
BQXK-nın qəbuledilməz yanaşmasını görən Azərbaycan tərəfi 2023-cü il fevral ayında BQXK-ya rəsmi nota ünvanlamaq məcburiyyətində qalıb, BQXK-nın Xankəndi ofisinin birbaşa Bakı ofisinə tabe edilməsi və bu məqsədlə konkret vaxt cədvəlinin təqdim edilməsini tələb edib. Notaya cavab verilməsi ilə bağlı ölkəmizin təkrar sorğularından sonra BQXK təxminən 2 ay yarım sonra, 2023-cü il may ayında təqdim etdiyi cavab notasında aşağıdakıları bildirib: “BQXK-nın Qarabağda fəaliyyətinin əsasını onun özünün hüquqi qiymətləndirməsi təşkil edir və bu mənada təşkilat hesab edir ki, Azərbaycan və Ermənistan arasında silahlı münaqişə hələ də bitməyib. BQXK işlədiyi konkret yerə “de-fakto nəzarət edənlər”lə təmas qurmalıdır. BQXK 2025-ci ildən sonra yarana biləcək yeni reallıqda bu məsələni yenidən nəzərdən keçirə bilər”.
BQXK bununla bir daha təkəbbürlü davranışını, “müstəsnalığı”nı, özünü Azərbaycanın qanuni maraqlarından üstün tutmasını nümayiş etdirib.
BQXK-nın xəritələrdə “Dağlıq Qarabağ”ın ərazisini uzadaraq Ermənistanla birləşdirməsini, Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun hücumunu ləngitməyə çalışmasını, Gəncə hadisələrində həbs edilənlərə “Aclıq edin, Fransa, Almaniya səfirliyinə sığınacaq üçün müraciət edin” kimi mandatından kənar məsləhətini, qaçaqmalçılıqla məşğul olmasını Bakıda yaxşı xatırlayırlar.
Sentyabr əməliyyatından sonra BQXK-nın hələ də Xankəndidə Ofis saxlaması onun xəbis niyyətini, Fransanın, ABŞ-ın, Avropa Parlamentinin, AŞPA-nın anti-Azərbaycan siyasətinin icraçısına çevrilməsini göstərir. BQXK-yə tapşırıblar ki, Ofisi bağlamayın, separatçılar Qarabağa qayıdaraq yenidən qanunsuz əməllərlə məşğul olacaqlar və belə bir şəraitdə BQXK da 2023-cü ilə qədər olduğu kimi, “işləmək”də davam etdirəcək. Hazırda Xankəndi Ofisi Qərbin Qarabağda “gözü və qulağı” rolunu oynayır.
Artıq bütün ərazilərimiz üzərində dövlət suverenliyimiz bərpa olunub. Fevralın 7-də prezident seçkiləri müstəqillik dönəmində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Bu günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndi şəhərinə səfər etməsini, erməni sakinlərlə görüşməsini simvolik hesab etmək olar. 1920-ci ildən bəri fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlət təşkilatı deyil. Cəmiyyət beynəlxalq aləmdə müsbət reputasiyaya malik olan yüksək etimada malik olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü kimi tərəfsiz bir humanitar təşkilatdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə BQXK-nın Xankəndi ofisinə olan ehtiyacı da tam olaraq aradan qaldıra bilər. BQXK-nın Xankəndi Ofisinin bağlanmasının tam vaxtıdır. BQXK-nın Xankəndi Ofisi Azərbaycanın suverenliyinə hörmətsiz münasibətin qalığıdır.
Bakı heç nəyi unutmur və səbrlə gözləməyi bacarır.