20 yanvar faciəsi Belçika və Avropanın paytaxtı Brüssel şəhərində təntənəli şəkildə anılıb.
Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyindən APA -ya verilən məlumata əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Belçikanın Paytaxt Regionunun Hərbi komandanlığının iştirakı ilə Brüssel şəhərində yerləşən “Konqres sütunu” (Colonne du Congrès) memorial kompleksinin yanında dəfn olunmuş Naməlum əsgərin məzarı önündə təntənəli anım mərasimi təşkil olunub.
Memorial kompleksi 1830 ildən etibarən Belçıkanın ictimai dövlət tədbirlərinin keçirilməsi üçün nəzəedə tutulmuş əsas tarixi yer kimi tanınır.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Əlagələr şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Mərasim zamanı çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verərək, sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırladıb və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib, doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Hikmət Hacıyev tərəfindən Belçika hərbçilərinin müşayiəti ilə Naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb, Azərbaycan Respublikası və Belçika Krallığının dövlət himnləri səsləndirilib. Mərasimin sonunda H.Hacıyev tərəfindən memorial kompleksinin xatirə kitabında 20 Yanvar Faciəsi barədə qeyd yazılıb.