• SİYASƏT

    13:45 1 may 2019

BŞİH-də “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

ONA-nın xəbərinə görə, əvvəl ulu öndərin gənclərə qayğısından bəhs edən video-çarx nümayiş olunub.

Paytaxt gənclərinin bütün zümrələrini əhatə edən gənclərin nümayəndələri, Bakı şəhər idarələrinin, bir sıra ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qonaqları və iştirakçıları salamlayaraq, Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb. Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Ulu Öndər tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb. Bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Hazırda bu sahədə ölkə başçısı İlham Əliyevin apardığı siyasətin nəticəsi bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Məhz dahi şəxsiyyətin 26 iyul 1994-cü il tarixli fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb, daha sonra 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.

Daha sonra elmi-praktik konfransın məruzələri dinlənilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi Ayşən Bayramova konfrans iştirakçılarının bəyanatını oxuyub.

Konfransın sonunda tədbirdə çıxış edən və müxtəlif sahələr üzrə məruzələr hazırlamış digər gənclərin işlərinin kitab şəklidə çap olunması qərara alınıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR