Azərbaycanın Xarkovdaki Fəxri konsulluğu bu gün fəaliyyətini bərpa edəcək.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.
Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı Fəxri konsulluğun binasına zərər dəymişdi: “Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa edəcək”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu il martın 6-da yaydığı məlumatda bildirilmişdi ki, Azərbaycan Respublikasının fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Bildirilmişdi ki, Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb, təhlükəsiz yerdədirlər.