• SİYASƏT

    01:49 23 may 2019

Cənubi Karolina ştatının qubernatoru ADR-in 101 və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

ONA xəbər verir ki, bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil olduğu qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar mayın 28-də Cənubi Karolinada və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Qubernator MakMaster imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini Cənubi Karolina ştatında Azərbaycan Günü elan edir, Azərbaycan Respublikasına ən xoş arzularını çatdırır, ABŞ-da və dünyada yaşayan azərbaycanlıları bu bayramı qeyd etməyə çağırır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR