Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nigeriyalı dəniz quldurlarının girov götürdüyü dənizçilərin azad edilməsi münasibəti ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlunu təbrik edib.
APA xəbər verir ki, bu barədə C.Bayramov özünün "Twitter" səhifəsində yazıb.
"Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu il yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Siyəzən rayonunda dəfn edilib.