• SİYASƏT

    11:42 25 iyun 2020

Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilib

Cinayət-Prosessual Məcəlləsinə bir neçə istiqamət üzrə dəyişikliklərlə bağlı təkliflər qəbul edilib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklərin ilk istiqaməti Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlı tədbirlərin davam etdirilməsi ilə əlaqədardır.

Ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə həmin Fərmanda verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq hazırlanmış Qanun layihəsinə aşağıdakı dəyişikliklər edilib:

- “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təklif edilən dəyişikliklər;

- müasir informasiya-kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, habelə xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin edən dəyişiklikləri nəzərdə tutan yeni maddələrin əlavə edilməsi;

- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi.

Qeyd edilən istiqamətlər üzrə Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə obyektivliyin və effektivliyin yüksəldilməsi, habelə məhkəməyə müraciət imkanlarının genişləndirməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsində dəyişikliklərin ikinci istiqaməti cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Eyni zamanda qeyd edilməlidir ki, layihə hazırlanarkən bütövlükdə Cinayət-Prosessual Məcəlləsinin hüquq normalarında dəqiqləşdirilmələr və uyğunlaşdırılmalar da aparılıb.

Qanun layihəsində dəyişikliklərin üçüncü istiqamətinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləyə Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydalarını ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif edilir.

Bu Qanunun 2020-ci il iyul ayının 15-də qüvvəyə minməsi nəzərdə tutulub.

Qanun layihəsinin bir sıra maddələri apelyasiya instansiyası məhkəməsinin bu Qanun layihəsi qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR