Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəranda səfərdədir.
ONA-nın cənub bürosunun məlumatına görə, iki gün davam edəcək işgüzar səfər çərçivəsində qonaqlar Lənkəran şəhər İcra Hakimiyyətində olublar. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan və Rusiya arasındakı dostluq, əməkdaşlıq yüksək səviyyədədir və bu səfər ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək. Nümayəndə heyəti işgüzar səfər zamanı Heydər Əliyev Xatirə Parkı, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, çay plantasiyaları və hallabonq sitrus bağları ilə tanış olublar.
Qeyd edək ki, 31 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızrı Şıxsəidovun Azərbaycanla Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Tural Kərimov