• SİYASƏT

    13:42 13 may 2019

Deputatlar: “Böyük Britaniya XİN-in xəbərdarlığı anlaşılan deyil” - SORĞU

“Böyük Britaniya Xarici İşlər Nazirliyinin mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması, iaşə obyektlərinin yanında qarət hallarının mövcud olması barədə verdiyi xəbərdarlıq həqiqəti əks etdirmir”.

Bunu ONA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

Deputat ölkəmizin bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladıb: “Azərbaycanda hər zaman təhlükəsizlik baxımından çox etibarlı tədbirlər həyata keçirilir. İndiyə qədər də beynəlxalq tədbirlərin keçirilməsi zamanı heç bir neqativ hala yol verilməyib. Bu baxımdan Böyük Britaniyanın XİN tərəfindən belə bir xəbərdarlığın yayılması anlaşılan deyil”.

K. Bayramov bildirib ki, Avropa Liqasının final oyununda Böyük Britaniyanın “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq: “Heç kim üçün sirr deyil ki, dünyada futbol “xuliqanlar”ı arasında İngiltərə futbol komandalarının azarkeşləri öz qəddarlığı və itaətsizliyi ilə seçilir. Bu baxımdan ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, həmin fanatlar tərəfindən hər hansı təxribat hallarına yol verilməsinin qarşısını alsınlar və daha çevik olsunlar. Hesab edirəm ki, hüquq-mühafizə orqanları mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar daha diqqətli olmalı, bütün zəruri təhlükəsizlik tədbirlərini həyata keçirməlidirlər”.

YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov ONA-ya deyib ki, Azərbaycan mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə bağlı bütün zəruri tədbirləri həyata keçirib: “Amma bütün mötəbər tədbirlər ərəfəsində olduğu kimi, bu dəfə də Azərbaycanı istəməyən qüvvələr ölkəmizə qarşı şər, qarayaxma, böhtan kampaniyalarına başlayıblar. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, beynəlxalq tədbirlər və bir neçə ildir ki, “Formula 1” yarışları yüksək səviyyədə keçirilib. Bu tədbirlərlə əlaqədar ölkəmizə gələn turistlər, qonaqlar, beynəlxalq tədbirlərin nümayəndələri hər zaman yüksək məmnunluq hissi ilə öz ölkələrinə qayıdıblar. Onlar üçün bütün təhlükəsizlik məsələləri tam təmin olunub, yüksək səviyyədə qarşılanıb və yol salınıblar. Çox təəssüflər olsun ki, belə bir qarayaxma kampaniyasına başlanılıb. Bütün bunların arxasında isə anti-milli ünsürlər dayanır”.

C. Osmanovun sözlərinə görə, hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir: “Bildiyiniz kimi, keçən il Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” futbol komandası “Çelsi” ilə eyni qrupda yer almışdı. “Çelsi” komandası həmin mərhələ zamanı Bakıya gəlmişdi və futbolçular, azarkeşlər həmin oyundan da narazı getməmişdilər. Hesab edirəm ki, bütün tədbirlərdə olduğu, kimi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar ölkəmizdə bütün zəruri tədbirlər həyata keçiriləcək”.

Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini, YAP üzvü Musa Quliyev isə ONA-ya deyib ki, məlum xəbərdarlıqla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır: “Çünki onların verdiyi xəbərdarlıq heç bir obyektivliyə sığmır, reallığı əks etdirmir və Azərbaycana dost olmayan bir münasibətdir. Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni əlaqələri Avropa ilə yaxşılaşdırmaq və daha yüksək müstəviyə keçirmək niyyətindədir. Amma hələ də Avropada elə dövlətlər var ki, Azərbaycana dost olmayan münasibət ortaya qoyurlar. Hesab edirəm ki, bunda erməni lobbisinin də təsiri var. Ölkəmizin Böyük Britaniyanın BP şirkəti ilə uzunmüddətli xoş münasibətlərinin olduğunu da qeyd etmək istərdim".

Deputat hər dəfə mötəbər tədbirlər ərəfəsində olduğu kimi, bu dəfə də Azərbaycanı istəməyən qüvvələrin ölkəmizə qarşı şər, qarayaxma, böhtan kampaniyalarına başlamasından təəssüf hissi keçirdiyini vurğulayıb: “Azərbaycan hər zaman beynəlxalq yarışları, humanitar, iqtisadi tədbirləri yüksək səviyyədə təşkil edib. Hesab edirəm ki, Böyük Britaniya XİN-in müraciətindən asılı olmayaraq, Avropa Liqasının final oyunu da Azərbaycanda yüksək səviyyədə keçiriləcək, Azərbaycanın necə tolerant, təhlükəsiz ölkə olduğu bütün dünyaya bir daha nümayiş olunacaq”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR