Rusiyanın Dərbənd şəhər dairəsinin başçısı Hizri Abakarov və Maqas şəhərinin meri Beslan Tceçoyevin başçılıq etdiyi nümayəndə heyətləri Bakıya gəlib.
ONA-nın xəbərinə görə, nümayəndə heyətləri Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyeva və Əziz Əliyevin xatirəsini yad ediblər, məzarları önünə gül dəstələri qoyublar.
Qonaqlar daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Nümayəndə heyətlərinə Bakı şəhərində aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib. Qonaqların Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da görüşü nəzərdə tutulub.
Maqas şəhərinin meri B.Tceçoyev bildirib ki, səfər çərçivəsində Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanacaq. O qeyd edib ki, onlar bır sıra məsələlərdə, o cümlədən şəhər idarəçiliyi ilə bağlı Bakı təcrübəsini öyrənməkdə maraqlıdırlar.
Səfər zamanı Dərbənd və Maqas şəhərləri nümayəndə heyətləri Bakıda təşkil edilən Novruz şənliklərində iştirak edəcək, eyni zamanda qonaqlar Heydər Əliyev Mərkəzi və Azərbaycan Xalça Muzeyi ilə tanış olacaqlar.