• SİYASƏT

    17:00 10 avqust 2020

Dövlət başçısı: "Bu gün biz vaxtılə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Mərasimdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, bu gün "Qarabağ" yatağının dəniz işlərinə start verilir: "Bu, yatağın işlənilməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycanda inşa edilibdir. Azərbaycan mütəxəssisləri tərəfindən və bu gün artıq dənizə yola salınır”.

“Bizim indi əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib" deyən dövlətimizin başçısı bildirib ki, bu layihə də uğurla icra edilir. Prezidentin sözlərinə görə, bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir.

Prezident bildirib ki, bu gün Azərbaycan vaxtılə - 1990-cı illərdə tərk edilmiş Qarabağ yatağına qayıdır və bu nəhəng dayaq bloku bunun əyani sübutudur.

“Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR