“Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunurlar. Eyni zamanda, işğaldan əziyyət çəkən soydaşlarımız, məcburi köçkünlər üçün bu il 5 min mənzil və fərdi ev təqdim olunub”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinə, onlara bərabər tutulan şəxslərə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu kateqoriyadan olan vətəndaşlara bu il təqribən 6 minə yaxın ev və mənzil verilib: “Bu, o deməkdir ki, biz bir şəhər boyda evlər tikmişik və layiq olan vətəndaşlara təqdim etmişik. Mən ikinci ölkə tanımıram ki, bu sahəyə bu qədər diqqət ayrılsın. Bu, bir daha göstərir ki, bizim bu sahədəki siyasətimiz həm düzgündür, həm ədalətlidir. Bu siyasət davam etdiriləcək. Çünki hələ də növbədə dayanan vətəndaşlar var. Şəhid ailələri arasında təqribən 2 mindən çox vətəndaş növbədə dayanır. Onların da problemləri yaxın 2-3 ildə həllini tapacaq”.
İ. Əliyev qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları daha da yaxşılaşır: “Düzgün iqtisadi siyasət aparmaqla biz əlavə gəlirlər əldə etdik. Bu gəlirləri, ilk növbədə, sosial problemlərin həllinə yönəltdik. Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi - bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi. Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. Ona görə iqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq. Ona görə bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə düzgün prinsiplər əsasında işimizi qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir. Builki iqtisadi göstəricilərimiz çox müsbətdir. Əldə edilmiş bütün əlavə gəlirləri biz sosial sahəyə yönəltdik. Bugünkü bu gözəl, 96 mənzildən ibarət binanın açılışı bunun bariz nümunəsidir".