“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman xalqladır, daim xalqla iç-icədir”.
ONA-nın məlumatına görə bu fikirləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədə yazıb.
O qeyd edib ki, İlham Əliyev xalqın istək və arzularını özünün fəaliyyət prioritetinə çevirir və bundan irəli gələn vəzifələrin reallaşdırılmasında məqsədyönlüdür, ardıcıldır, prinsipialdır: “Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri əslində xalqın dövlət başçısının belə dəst-xəttinə adekvat münasibətidir. Bu münasibət onu deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın alternativsiz lideridir.
Prezident İlham Əliyevin hər sözü, hər fikri əməli fəaliyyətdə fiksasiya olunur. Hesab edirəm ki, bu, çox ciddi amildir və heç də hər dövlət başçısı, siyasi xadim bu keyfiyyətin daşıyıcısı ola bilmək bacarığında deyil. Onu da düşünürəm ki, hər bir dövlət xadiminin cəmiyyətdəki populyarlığını şərtləndirən cəhət onun hər kəlməsinin real iş müstəvisinə daşınmasındadır. Bəli, cənab İlham Əliyev vədlər verir və onun vədləri dövlətin islahat paketində realizasiyasını tapır. İnsanlar bunu aydın görür, qiymətləndirir və dəstəkləyirlər”.
Sədr onu da qeyd edib ki, məlum sorğuda iştirak edən respondentlər konkret olaraq Prezidentin son bir ildəki fəaliyyətinə qiymət veriblər: “Ötən bir ilin təhlili onu göstərir ki, Azərbaycanda böyük keyfiyyət dəyişiklikləri aparılır. Prezidentin 2018-ci ilin aprel seçkisindən sonra keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlər böyük fəaliyyət platformasını təşkil edir. Proses həddən artıq çoxşaxəlidir. Burada kadr islahatlarından tutmuş struktur və məhkəmə islahatlarınadək bütün detallar tam şəkildə əksini tapır. Vətəndaşlar sorğuya cavablarında məhz buna qiymət veriblər. Onlar heç şübhəsiz, islahatların daha da dərinləşəcəyinə əmindirlər. Onlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası bütün sahələrdə daha ciddi uğurlara imza atacaqdır. Vətəndaşlar ona da əmindirlər ki, dövlət başçısının yeritdiyi siyasət kursu onların rifah halının yüksəldəcəkdir”.
Əflatun Amaşovun sözlərinə görə, Azərbaycan Prezidenti işini ictimaiyyətdən, mediadan gələn reaksiyaları, cəmiyyətin və mətbuatın bu və ya digər məsələyə yanaşmasını ciddi şəkildə nəzərə alaraq qurur: “Onun jestləri həm siyasi liderlik, həm də müstəsna böyüklük nümunəsidir. Siyasi liderliyində və böyüklüyündə sadəlik və səmimilik ştrixləri var. Hesab edirəm ki, hər bir vətəndaş bu incəliyi duyur. “Opinion Way” şirkətinin keçirdiyi sorğunun nəticələri vətəndaş və xalq duyumunun Prezidentə etimad və inama əsaslandığının növbəti bariz göstəricisidir”.