"Hazırda dünyada bir çox dəyişiklik baş verir. Dünya yeni təlatümlərlə üz-üzə qalıb".
ONA-nın məlumatına görə, bunu Əfqanıstan prezidenti Əşrəf Qani VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
Əfqanıstan prezidenti bildirib ki, ortaya çıxan çətinliklər əməkdaşlığı zəruri edir, odur ki, diqqəti buna yönəltmək lazımdır: "Qlobal dünyada mövcud olan qeyri-müəyyənliklər öz ciddi təsirlərini göstərməkdədir. Odur ki, beynəlxalq təşkilatların koordinasiyasının vacibliyi ortaya çıxır, köhnə modellər keçərli olmadığına görə yeniliklərin tətbiqinə ehtiyac yaranır. Dünyada sülhün bərqərar olması üçün yeni vəzifələrin və tapşırıqların öhdəsindən gəlməliyik. Terrorizmin yaratdığı problemlərin aradan qaldırılması üçün yeni həll yollarının axtarılması lazımdır. Dünyada bəzi dairələrin müəyyənləşdirdiyi oyunlar yeni məqamlar ortaya çıxarıb ki, bu da ciddi təhlükələrlə üzləşməyimizə gətirib çıxarıb".
Prezident qeyd edib ki, bütün dünyada qorxu və tənbəl yanaşma müşahidə olunmaqdadır: "Bunu nəzərə alıb, biz yeni xarici siyasət istiqamətləri müəyyənləşdirməliyik. Əməkdaşlığın yüksək səviyyədə olmasından ötrü çevik, reaktiv, dinamik addımlar atmalıyıq. Bu mənada yeni əməkdaşlıq strukturunun yaradılmasına da düzgün yanaşmalıyıq".
Ə. Qani bildirib ki, qarşılıqlı sıx əlaqə, əməkdaşlıq yeni dünyanın formalaşmasında prioritet rol oynaya bilər: "Bu məsələni diqqətdə saxlamalıyıq. Vəziyyət aktiv idarəetmə tələb edir. Sürətli rəqəmsallaşma gedir, bunun mənfi tərəfi işsizlikdir, işsizlik isə getdikcə artmaqdadır. Bu amil dünyanın təhlükəsizliyinə də təsir göstərir. Xarici siyasətdə sıx əməkdaşlığa keçməliyik, liderlər də bunu görürlər. Bu istiqamətdə fəaliyyət vacibdir.
Analoji forumlar belə yanaşmanın vacibliyini ortaya qoyur. Bu cür platformalarla təhlükələrə qarşı daha yaxşı mübarizə aparmaq mümkündür".