2019-cu ilin birinci yarısında Azərbaycan-Əfqanıstan arasında ticarətin həcmi 56 milyon dollar olub.
APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay Əfqanstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.
Əfqanıstanın son 100 ildə istər inkişaf, istərsə də çətinliklərlə üzləşdiyini deyən səfir hər bir halda əfqan xalqının mübarizə apardığını, regionda sülh və sabitlik üçün səylər göstərdiyini deyib.
Diplomat ölkəsinin müxtəlif layihələrə - "TAPI Project", "Casa1000", "Istanbul Heart of Asia Process", "Recca"ya qoşulduğunu qeyd edib. Azərbaycanla əlaqələrə toxunan səfir - "Dost və qardaş ölkə kimi Azərbaycan Əfqanıstan xalqına hər zaman öz dəstəyini verib. Ölkəmizdə davamlı sülhün əldə olunması üçün Azərbaycan regional görüşlərə ev sahibliyi edib. İki ölkə arasında ümumi tarixi bağlara əsaslanan iqtisadi, mədəni əlaqələr günü gündən inkişaf edir", - deyə bildirib. Bu ilin martında Əfqanıstan prezidenti Əşrəf Qaninin Azərbaycana səfərini xatırladan diplomat mədəni, dəmir yolu xəttinin inşası sahələrində müxtəlif sənədlərin imzalandığını deyib.
Bu ilin oktyabr ayında Azərbaycanın əhəmiyyətli bir tədbirə Qoşulmama Hərəkatının sammitinə ev sahibliyi edəcəyini vurğulayan Əfqanıstan səfiri bu tədbirdə ölkəsinin prezideninin və XİN başçısının iştirak etmək niyyətində olduğunu qeyd edib.
"Şübhəsiz ki, bu sammit dünyada terror təhlükələri ilə mübarizə məsələsində regional və beynəlxalq konsensusun gücləndirilməsi üçün, əlbəttə ki, işləyəcək. Mövcud problemlərə görə ölkəmiz bu zirvədən daha çox istifadə edəcək", - deyə Xeyrullah Spelenay vurğulayıb.