“Cəmiyyətdə həyata keçirilən islahatlar həyatımızın bir sıra sahələrini əhatə edir”.
APA-nın məlumatına görə, bun bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”.
Əli Əhmədov onu da deyib ki, parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir. Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil: “Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.