• SİYASƏT

    17:43 19 oktyabr 2019

Əli Əhmədov: “Qanunsuz aksiyaların qarşısı alınmalıdır, insanların rahatlığını kimsə poza bilməz”

“Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm. Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar”.

ONA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini Əli Əhmədov “Facebook”da yazıb.

“Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az. Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”, - deyə Ə. Əhmədov qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR