“Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra hər bir ölkə vətəndaşına məlum olan xaos, anarxiya, müstəqilliyin əldə getməsi təhlükəsi yaranmışdı. Azərbaycan xalqı ölkəmizin düçar olduğu vəziyyətdən xilas olmasının yeganə yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı: “İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, özbaşınalıq aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizm ləğv edildi, ermənilərin Azərbaycan ərazilərinin dərinliklərinə gəlməsinin qarşısı alındı. Ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi böhrandan ölkə çıxa bildi, hakimiyyət böhranı da aradan qaldırıldı. İnsanların çörək növbələrinə durması kimi dəhşətli mənzərə qısa müddətdə aradan qaldırıldı və beləliklə Azərbaycanda sözün həqiqi mənasında normal həyat təmin edilmiş oldu. Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyuldu və Azərbaycanda dərin Heydər Əliyev islahatları həyata keçirilməyə başlandı”.
Ə. Əhmədov bildirib ki, bu gün Azərbaycan ən güclü, ən müasir dövlətlər içərisində özünə layiqli yer tutur: “Vətəndaşlar özlərini xoşbəxt hesab edirlər ki, müstəqil Azərbaycanın vətəndaşlarıdır. Bütün bu uğurlar, nailiyyətlər 26 il bundan əvvəl Heydər Əliyevin Azərbaycana dönüşünün nəticəsidir. Heydər Əliyev siyasəti onun vəfatından sonra da uğurla həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edir və hesab edirik ki, bu inkişaf uzunmüddətli olacaq və vətəndaşların rifahı daha da yaxşılaşdırılacaq”.