"Biz xaricdə yaşayan bəzi azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirlərini müsbət qiymətləndiririk. İstərdik ki, ölkəmizin bu və ya digər formada siyasi həyatında iştirak edənlərin hər biri milli maraqlardan çıxış etsin".
ONA-nın məlumatına görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, milli maraqlar daim uca tutulmalıdır: "Kim ki, bu düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək. İkinci tərəfdən, onlar bu addımları ilə dövlətin mövqeyinin daha da güclənməsinə xidmət göstərmiş olacaqlar. Heydər Əliyev deyirdi ki, kim müxalifətdə olursa olsun, amma xalqa, dövlətə müxalifətdə olmaq olmaz. Bizim də istəyimiz ondan ibarətdir ki, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq, hər bir azərbaycanlı ilk növbədə Azərbaycan vətəndaşı olduğunu dərk etsin, milli maraqları qorusun, davranışları ilə xalqa, dövlətə ləkə gətirməsin”.
Ə. Əhmədov qeyd edib ki, indiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylənən tənqidi fikirlərin kökündə də bu dayanır: “Biz müxalifətçiləri müxalifətçi olduqlarına görə tənqid etmirik, onların içərisində bəzilərini özlərinin və yaxud partiyanın, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik. Bundan başqa səbəbimiz yoxdur. Bu yoldan çəkinəcəklərsə, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onlara qarşı hər hansı tənqiddən istifadə etməyəcək. Düzgün yolda onlara uğurlar arzu edirəm. O ölkələr siyasi cəhətdən inkişaf edir ki, orada müxalifət ölkənin maraqlarını uca tutur və hər hansı xarici qüvvənin əlində alətə çevrilmir".