"Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək".
ONA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənub-Cənub əməkdaşlığı üzrə BMT-nin ikinci yüksək səviyyəli konfransının plenar iclasında çıxışı zamanı deyib.
O, Azərbaycanın donor ölkəsi kimi əhəmiyyətindən söz açıb, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım və inkişafa dəstək üçün Azərbaycana müraciətlərin səmərəli koordinasiya olunması üçün milli donor təşkilatı - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) yaradıldığını bildirib. Lakin, nazir bu yolda əngəllərin aradan qaldırılması vacibliyini də dilə gətirib:
"Biz, ərazilərimizin 20%-nın 20 ildən artıq Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk. Donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik olan və həmçinin geniş miqyaslı regional layihələrin təşəbbüskarı olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək".
Nazirin sözlərinə görə, AİDA qurulduğu gündən etibarən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişafın təmin edilməsi üçün bir çox işlər görüb.
“Ötən illər ərzində, 90-dan artıq ölkə, xüsusən də Afrika, Asiya və Latın Amerikası ölkələri AİDA tərəfindən ikitərəfli və çoxtərəfli şəkildə həyata keçirilən texniki dəstək və humanitar yardım proqramlarından faydalanmışdır. Biz təxminən 2 milyona yaxın insana kömək etmişik və benefisiar ölkələrin sayı və təmin edilmiş yardımların həcmi daim artır”, - deyə Elmar Məmmədyarov bildirib.