• SİYASƏT

    18:46 2 mart 2019

Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında iştirakı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Pyer Krahenbulu yenidən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri seçilməsi münasibətilə təbrik edərək, ona yeni dövr fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanın qardaş Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsində dəstəklədiyini vurğulayaraq, ölkəmizin Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəklədiyini ifadə edib. Həmçinin E.Məmmədyarov Qüds ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mövcudluğunu xatırladıb.

BMT Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul, öz növbəsində səmimi təbrikə görə öz təşəkkürünü bildirərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə Nazir Elmar Məmmədyarovu təbrik edib.

Daha sonra P.Krahenbul Amerika Birləşmiş Ştatları tərəfindən UNRWA-ya edilən yardımların dayandırılmasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən göstərilən yardımları yüksək qiymətləndirdi və bu xüsusda, Azərbaycan tərəfinə Agentliyin fəaliyyətinə verdiyi dəstək və maliyyə yardımı üçün təşəkkürünü bildirib. Fələstin münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşən P.Krahenbul münaqişənin həllinin 5 milyon fələstinli qaçqının probleminin həllinə zəmin yaradacağını vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR