“Biz Federika Mogerini ilə böyük geosiyasi layihə olan Cənubi Qaz Dəhlizi layihəsini müzakirə etdik”.
ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Aİ-Azərbaycan əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib. “Biz inanırıq ki, 2020-ci ildə bu layihə icra ediləndə və Azərbaycan sektorundan qaz Avropaya çatdıqda bu əməkdaşlıq üçün tamamilə yeni imkanlar açacaq. Bu layihə regionda başqa ölkələrə kimi genişlənə bilər. Xüsusilə Balkan ölkələrini nəzərdə tuturam”.
Nazir bildirib ki, Avropa İttifaqı hazırda mövcud olan nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır: “Xüsusilə Bakı-Tbilisi-Qars layihəsinin açılışı yeni imkanlar açır. Bu layihə regionda oyunun gedişatını dəyişir. Bu layihə Avropadan nəinki Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya və daha uzağa yol açır. Nəqliyyat ikitərəfli əlaqələrimizin vacib tərəfidir”.
Nazir həmçinin vurğulayıb ki bu il Şərq tərəfdaşlığı layihəsinin 10 illiyi qeyd olunur: “Bu layihə 1oo faiz icra olunmayıb. Hələ bu çərçivədə çox imkanlar var. Bu həm Aİ, həm üzv ölkələr, həm də 6 Şərq Tərəfdaşlığı ölkələri üçün imkanlar açır”.