Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən ravvin Mark Şnayer Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Eyni zamanda Azərbaycana səfər çərçivəsində müxtəlif dini icmaları ziyarət etdiklərini və onlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olduqlarını vurğulayan qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı aparılmış fikir mübadiləsini yüksək qiymətləndiriblər.
Nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ-da fəaliyyət göstərən yevangelist təşkilatlarının nümayəndələri Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilməsinin və müxtəlif dini icmaların nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının şahidi olduqlarını qeyd ediblər. Bu xüsusda qonaqlar Azərbaycanın nümunəvi dövlət olduğunu xüsusilə vurğulayıblar.
Öz növbəsində səmimi sözlərə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov bunun dövlət siyasəti və Azərbaycan xalqının əsrlər boyunca yaşatdığı bir ənənə olduğunu bildirib.
Daha sonra Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq, bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qonaqların diqqətinə çatdırıb. Nazir Elmar Məmmədyarov bölgənin dayanıqlı inkişafı və rifahı baxımından münaqişənin həllinin vacibliyini qeyd edib.
Görüş zamanı həmçinin tərəflər Azərbaycan-ABŞ münasibətlərini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.