Fransa Respublikasına işgüzar səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Fransa Respublikasının Xarici İşlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.
Xarici İşlər Nazirliyindən ONA-ya verilən xəbərə görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd etdilər.
Tərəflər münasibətlərin daha da dərinləşdirilməsinin və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini qeyd ediblər.
Nazir Elmar Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi apardı. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.
Həmçinin, nazirlər Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyi üzrə Brüssel sammitinin nəticələri və Aİ-Azərbaycan arasında yeni strateji əhəmiyyətli tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ilə bağlı müzakirələr aparıblar.