• SİYASƏT

    18:47 9 mart 2019

Azərbaycanın xarici işlər naziri İran parlamentinin sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana rəsmi səfəri çərçivəsində İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

XİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun səmimi salamlarını İslam Şurası Məclisinin sədri Əli Laricaniyə çatdırıb. Öz növbəsində Əli Laricani təşəkkürünü bildirərək, onun salamlarının azərbaycanlı həmkarına çatdırılmasını xahiş edib.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışıb. Nazir Elmar Məmmədyarov hazırda həyata keçirilən ikitərəfil iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verib, iki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətini qiymətləndirib. Nazir Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz arasında əlaqələrə töhfə verdiyini qeyd edib.

İslam Şurası Məclisinin sədri Əli Laricani İran Parlamentinin Azərbaycanla əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib, iki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsini vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib, Azərbaycanın bölgədə sülhün və sabitiyin tərəfdarı olduğunu bildirib.

Əli Laricani Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. İran İslam Şurası Məclisinin sədri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR