“Son 30 ildə enerji təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə sahələrindəki strateji fəaliyyətimiz daxil olmaqla, Azərbaycan ABŞ-ın bölgədəki etibarlı tərəfdaşı olub”.
ONA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məlumatında bildirilir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-da “II Xəzər Biznes Forumu”nda çıxışında deyib.
O bildirib ki, Azərbaycan Asiya ilə Avropa arasındakı təbii körpü olaraq, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir, eyni zamanda ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır: “2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub”.
Nazir qeyd edib ki, ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub: “Eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoyub. 250-dən çox ABŞ şirkəti Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil ediblər. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak ediblər. Müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü pan-Avropa və ondan kənarda enerji təhlükəsizliyinə töhfə verən etibarlı və sadiq tərəfdaş kimi doğruldub. Ötən həftə, son onilliklər ərzində Azərbaycan iqtisadiyyatını dəyişdirən - Xəzər dənizindəki nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının kəşfiyyatı və işlənilməsi barədə razılaşmaya dair sazişin - "Əsrin müqaviləsi"nin 25 illik yubileyi qeyd edilib. Qərbin digər əsas şirkətləri arasında ABŞ-ın böyük neft şirkətləri “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin ilkin konsorsiumunun bir hissəsini təşkil edir. AÇG-nin 2049-cu ilə qədər uzadılması ilə bağlı yeni müqavilə 2017-ci ildə imzalanıb. Müqavilə çərçivəsində ABŞ-ın Chevron və Exxon şirkətləri AÇG Konsorsiumunun 16 faizdən çox səhminə sahib olub”.