Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.
XİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlayaraq, bu görüşün çox məhsuldar bir görüş olduğunu və maraqlı müzakirələr aparıldığını diqqətə çatdırıb.
B.Amreyev Şuranın təsis olunmasının 10 illiyi münasibətilə növbəti zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu zirvə toplantısının Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Tərəflər Zirvə görüşünə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparıblar.
Daha sonra baş katib TDƏŞ-də iqtisadiyyat, ticarət, maliyyə və nəqliyyat sahələrində həyata keçirilən son islahatlar barədə məlumat vərərək, bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə hər zaman olduğu kimi, gələcəkdə də töhfəsini davam etdirəcəyini söyləyib.