Saat 14:56
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran prezidenti Həsən Ruhani ilə görüşüb.
ONA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Həsən Ruhani Azərbaycan-İran münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib, Tehranla Bakı arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
İki ölkənin əməkdaşlığı nəticəsində önəmli layihələrin icra olunduğunu və Qəzvin-Rəşt dəmir yolunun istismara verildiyini qeyd edən İran prezidenti bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsi də region və iki xalqın mənafeyi üçün önəmli bir addımdır. O, iki ölkənin su bəndi və elektrik stansiyasının tikintisi, eləcə də enerji sahəsində əməkdaşlığını əhəmiyyətli adlandırıb və bu sahədə əldə olunan razılıqların icrası üçün səylərin artırılmasını istəyib. H.Ruhani deyib ki, İran və Azərbaycan regional və beynəlxalq məsələlərdə həmişə sülhün, sabitliyin və hüquqların qorunması prinsipinə sədaqət nümayiş etdirir.
Azərbaycan, İran və Rusiyanın üçtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin də zəruriliyini qeyd edən prezidentin sözlərinə görə, regional əməkdaşlıqların daha da inkişaf etdirilməsi üçün daha çox səy göstərilməlidir.
Öz növbəsində E.Məmmədyarov Azərbaycan və İran arasındakı əlaqələri dostluq və qardaşlıq münasibətləri adlandırıb və bildirib ki, Tehranla Bakı arasında siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrin inkişafında heç bir maneə yoxdur. E.Məmmədyarov müştərək Rəşt-Astara dəmir yolu layihəsini önəmli layihə adlandırıb. Onun sözlərinə görə, bu layihənin icrası ilə Rusiya, Azərbaycan və İranın dəmir yolları birləşəcək, İran Gürcüstan vasitəsilə Qara dənizə çıxış əldə edəcək.
* * *
Azərbaycan XİN mətbuat xidmətinin görüşlə bağlı yaydığı açıqlamada bildirilir ki, nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaninin diqqətinə çatdırıb.
Nazir Rəşt-Qəzvin dəmir yolunun açılışı münasibətilə İran tərəfini təbrik edib. Öz növbəsində İran Prezidenti Azərbaycan tərəfinin açılışda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasına görə təşəkkürünü bildirib.
Tərəflər arasında iki ölkə münasibətlərinin gündəliyində olan iqtisadi layihələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulanıb.
İran Prezidenti Həsən Ruhani İranla Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İranda Azərbaycanla əlaqələrin inkişafının hakimiyyətin bütün qolları tərəfindən dəstəkləndiyini bildirib. Prezident Ruhani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd edib.
Nazir Elmar Məmmədyarov Azərbaycan Prezidentinin bu ilin 25-26 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran Prezidentinə təqdim edib. Prezident Həsən Ruhani tədbirdə iştirakı məmnunluqla qəbul edib.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı dəstəkləyən İran Prezidenti Azərbaycan-Rusiya-İran əməkdaşlığını müsbət dəyərləndirərək, dövlət başçılarının növbəti zirvə görüşünün keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Türkiyə-Gürcüstan formatında əməkdaşlığı mühüm qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi ifadə edilib.
Süleyman Fərzəliyev