Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tehranda İranın ali dini liderinin nümayəndəsi, ölkənin Milli Təhlükəsizlik Şurasının sədri, kontr-admiral Əli Şamxani ilə görüşüb.
ONA-nın Tehran bürosunun məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı yolları və regional əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Ə.Şamxani deyib ki, Tehranla Bakı arasında ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin inkişafı hər iki ölkə xalqının və rəhbərlərinin istəyidir və regionda sabitlik və təhlükəsizliyin xeyrinədir.
Ə.Şamxani Azərbaycan və İran arasında mövcud olan sərhədləri dostluq və sülh qapısı adlandırıb və bu sərhədlərin əməkdaşlıq üçün dəyərli imkan olduğunu bildirib: “İki ölkə arasında ticari əlaqələri inkişaf etdirmək üçün geniş potensial var və bu, hər iki ölkədə sabitlik, rifah və təhlükəsizliyin təmin olunmasına yardım edə bilər. İslam Respublikası iki ölkə arasında əldə olunmuş razılaşmaların qarşısında mövcud olan bütün maneələri həll etməyə tam hazırdır. Şimal-Cənub dəmir yolu layihəsinin təkmilləşməsi region və həm də Azərbaycan üçün iqtisadi əməkdaşlığı dərinləşdirmək baxımından zəruridir. Tranzit və yük daşımaları sahəsində müştərək əməkdaşlıq inkişaf edir. Azərbaycan və İran arasındakı isti və dostluq münasibətləri heç bir ölkənin əleyhinə deyil. Regionda və regiondan kənar dağıdıcı qüvvələr bu əlaqələrə heç vaxt təsir göstərə bilməyəcək”.
Öz növbəsində E.Məmmədyarov iki ölkə rəsmilərinin danışıqlarının önəmli olduğunu vurğulayıb və qeyd edib ki, Azərbaycan İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Nazir bildirib ki, rəsmi Bakı Tehranla əməkdaşlığı inkişaf etdirməkdə davam edəcək və sanksiyalar iki ölkənin yaxşı münasibətlərinə mənfi təsir göstərə bilməz.