• SİYASƏT

    20:06 16 aprel 2019

Elmira Axundovanın Heydər Əliyev haqqında kitabı Ankarada təqdim olunub - FOTO

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənovun iştirakı ilə xalq yazıçısı, deputat Elmira Axundovanın ümummilli lider Heydər Əliyev haqqında kitabının təqdimat mərasimi keçirilib.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, "Heydər Əliyev şəxsiyyət və zaman" 7 cildliyi türk dilinə “Haydar Aliyev: Şahsiyet ve Çağ, Kremlinde Beş Yıl, Dönüş” adı ilə çevrilib və 3 cilddə nəşr olunub.

Azərbaycanın Türkiyədəki səfirliyinin gerçəkləşdirdiyi təqdimat mərasimini açıq elan edən səfir Xəzər İbrahim bildirib ki, Heydər Əliyev Türkiyədə yetərincə tanınsa da, Elmira Axundovanın bu kitabı onu daha mükəmməl tanıdacaq.

Əli Həsənov çıxışında deyib ki, 13 illik əmək sərf edilən bu kitab Heydər Əliyev şəxsiyyətini hərtərəfli xarakterizə edir. Kitab dünyanın bir çox dillərinə çevrilib: "Türkiyə dövlətinin qurulmasında Atatürkün nə qədər xidmətləri olubsa, Heydər Əliyevin də Azərbaycan dövlətinin qurulmasında o qədər xidmətləri olub. O, təkcə Azərbaycanın deyil, türk dünyasının maraqlarını müdafiə edən, həm də sülhsevər bəşəri liderdir. Belə liderlər 100 ildə bir yaranır".

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov kitabı bütün türk xalqlarının ortaq dəyəri adlandırıb: "Heydər Əliyev özü haqqında memuar yazmayıb. Elmira xanım bu çətin işi bacardığı üçün ona təşəkkür edirik. Bu kitab Türkiyəylə dostluğumuzu daha da möhkəmləndirəcək".

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun türkiyəli həmsədri Şamil Ayrım gerçək Heydər Əliyevi yaxından tanıyan birisi kimi kitaba çox dəyər verdiyini, belə əsərlərin asanlıqla ortaya çıxmadığını vurğulayıb.

Sonda Elmira Axundova çıxış edərək, kitabın 13 ildə necə ərsəyə gəlməsindən danışıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR