Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın APA TV-yə müsahibəsi
- Cənab səfir, Sizin bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünüz baş tutdu. Bu görüşlə bağlı təəssüratlarınızı bizimlə bölüşmənizi istərdik.
- Azərbaycanda fəaliyyətimin tamam olması münasibətilə cənab Prezident İlham Əliyevlə vida görüşü baş tutdu. Təşəkkür edirəm ki, məni qəbul etdi. O görüşdə mənə Azərbaycanın “Dostluq” ordenini təqdim etdi. Mən buna görə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, qürur hissi keçirirəm ki, məhz Azərbaycan Prezidenti mənə bu ordeni verdi. Bu, həqiqətən böyük bir xoşbəxtlikdir.
- Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin edilən səfirinə Azərbaycanda fəaliyyət göstərən bir həmkar olaraq tövsiyələriniz nə olacaq?
- Yeni səfir Azərbaycanı yaxından tanıyan bir insandır. Əlbəttə ki, Azərbaycanı o da çox sevir. Azərbaycanda onun da fəaliyyətinin uğurlu olacağına əminəm. Çünki Azərbaycan dövləti burada fəaliyyət göstərən bütün türk səfirlərinin yanında olub. Mən fəaliyyətim zamanı bu dostluğu, qardaşlığı hər zaman hiss etmişəm. Buna görə də deyə bilərəm ki, yeni təyin edilən səfirimiz də burada ən yüksək səviyyədə ölkəmizi təmsil edəcək. Eyni zamanda, fürsətdən istifadə edərək, başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına, dövlət nümayəndələrinə hər zaman mənə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.
- Sizin fəaliyyətiniz ölkəmizin ən çətin zamanlarına təsadüf etdi. Bu illəri necə dəyərləndirirsiniz?
- Mən geridə qalan 4 ildən artıq bir müddətə baxdığım zaman yalnız gözəl hadisələri xatırlayıram. Və bu illərin ən sonunda biz Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək zirvəsinə çatdıq. Bu isə Azərbaycanın 44 günlük Vətən müharibəsidir. Təbii ki, müharibə şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Mən müharibədə şəhid olan bütün qardaşlarımıza Allah rəhmət eləsin deyirəm. Amma qeyd edim ki, onlar bizə ən böyük töhfə verdilər, Azərbaycan ərazi bütövlüyünü əldə etdi. Və bütün bunları burada görüb, burada yaşadığıma görə çox xoşbəxtəm.